Başqırdıstanda Azərbaycan kapitalının iştirakı ilə 6 müəssisə fəaliyyət göstərir
Bakı, 30 may, AZƏRTAC
Başqırdıstan ərazisində Azərbaycan kapitalının iştirakı ilə kənd təsərrüfatı, mehmanxana biznesi, ictimai iaşə, inşaat və ticarət sahələrində 6 müəssisə fəaliyyət göstərir.
AZƏRTAC “Başinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Başqırdıstan Baş nazirinin müavini Fərhad Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə bildirilib. Nümayəndə heyətinin səfər proqramında Azərbaycan Respublikasının hökumətində və Rusiyanın Bakıdakı səfirliyində görüşlər, həmçinin “Xəzər Neft və Qaz” Beynəlxalq sərgisində iştirak nəzərdə tutulub.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşdə Başqırdıstan nümayəndə heyətinin üzvləri bu sahədə qarşılıqlı əlaqələrin perspektivlərini müzakirə ediblər. Azərbaycan tərəfi Başqırdıstanda istehsal olunan energetika avadanlığında və neft kimyası sahəsində texnoloji yeniliklərdə maraqlı olduğunu bildirib. Nazir bu ilin oktyabrında Ufada keçiriləcək Rusiya Enerji Forumunda iştirak barədə dəvəti qəbul edib.
Azərbaycan və Başqırdıstanın sənaye sahəsində əməkdaşlıq istiqamətləri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ilə görüşdə də nəzərdən keçirilib. Söhbət əsasən Azərbaycan ərazisində neft avadanlıqları və kaustik soda istehsal edən birgə müəssisələrin yaradılmasından gedib. Bundan başqa, əczaçılıq və kimya sənayesi məhsullarına tələbat mövcuddur. Başqırdıstan nümayəndə heyətinin rəhbəri Fərhad Səmədov qeyd edib ki, respublika neft kimyası və əczaçılıqda güclü istehsal imkanlarına və elmi potensiala malikdir.
Dövlət Komitəsinin məlumatına görə, 2017-ci ildə Başqırdıstan və Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi təxminən 18 milyon dollar olub. Başqırdıstan Azərbaycana oduncaq məmulatı, kimya sənayesi məhsulları, neft və qaz sənayesi üçün avadanlıq, qara metal və bunlardan hazırlanan məhsullar, şüşədən hazırlanan məhsullar, kənd təsərrüfatı məhsulları və ərzaq malları göndərir. Azərbaycandan isə kənd təsərrüfatı məhsulları, ərzaq və digər mallar idxal olunur.