BDU-da professor Tofiq Rüstəmovun 90 illik yubileyi qeyd olunub
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli jurnalist, alim, professor Tofiq Rüstəmovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdə əvvəlcə professor Tofiq Rüstəmovun həyat və yaradıcılıq yolundan bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda onun uzun illər Azərbaycan jurnalistikasının inkişafı istiqamətində gördüyü işlər, televiziya və radio jurnalistikasının formalaşmasına verdiyi töhfələr, elmi-pedaqoji fəaliyyəti, yetişdirdiyi jurnalist nəsli, həmçinin Azərbaycan dilinin qorunması və saflığının təmin olunması istiqamətindəki xidmətləri əks olunub.
Tədbirdə çıxış edənlər professor Tofiq Rüstəmovun milli jurnalistika məktəbinin formalaşmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, o, təkcə peşəkar jurnalist və alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı, tələbələrinə daim qayğı ilə yanaşan müəllim kimi yadda qalıb. Çıxışlarda onun jurnalistika sahəsindəki zəngin təcrübəsinin, elmi araşdırmalarının və pedaqoji fəaliyyətinin gənc jurnalistlərin yetişməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Professorun tələbələri və həmkarları onunla bağlı xatirələrini bölüşərək, ana dilinə göstərdiyi həssas münasibətdən, tələbələrə verdiyi dəyərdən və peşəsinə bağlılığından danışıblar. Bildirilib ki, Tofiq Rüstəmov jurnalistikanın yalnız informasiya vasitəsi deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən mühüm sahə olduğunu hər zaman ön plana çəkib.
Sonda professorun övladları Abbas Rüstəmov və Sevinc Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.