BDU-da “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində görüş
Bakı, 4 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində Əməkdar elm xadimi, professor İzzət Rüstəmovun tələbələrlə görüşü olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə Heydər Əliyev Muzeyinin mütəxəssisi Afət Seyidbəyova layihə haqqında məlumat verib.
Sonra çıxış edən professor İ.Rüstəmov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını vurğulayaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən danışan İ.Rüstəmov dahi şəxsiyyətin müasir Azərbaycan dövlətinin yaranmasında və dünya ölkələri arasında tanınmasında misilsiz xidmətlərini vurğulayıb. Qeyd edilib ki, 1988-1992-ci illərdə ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir çətin şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev müdrik siyasəti və qəti tədbirləri sayəsində respublikamızı həmin təhlükədən xilas etdi, onu böyük inkişaf yoluna çıxardı.
Böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edən İ.Rüstəmov Ümummilli Liderin ideyalarının əbədi yaşayacağını vurğulayıb.