BDU-nun IСESCO-nun Biotibbi materiallar kafedrasının prioritet elmi istiqamətlərinin təqdimatı keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IСESCO-nun Biotibbi materiallar kafedrasında aparılan elmi işlərin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, təqdimat zamanı Biotibbi materiallar kafedrasının müdiri professor Ülviyyə Həsənova kafedranın tarixi, inkişaf planı, əsas tədqiqat istiqamətləri, aktiv beynəlxalq və yerli layihələri, ICESCO ilə əməkdaşlıq barədə məruzə ilə çıxış edib.
Kafedranın əməkdaşları tərəfindən aparılan tədqiqatların üç əsas mərhələsi barədə məlumat verilib, “in silico”, sintez və tətbiq mərhələləri ətraflı şəkildə açıqlanıb.
Kafedranın müəllimi Ələkbər Hüseynzadə laboratoriyada sintez olunan üzvi molekullar, onların sintez metodikası, “in silico” tədqiqatlar, həmçinin burada Bijinelli reaksiyası ilə sintez olunan maddələrin xərçəng xəstəliyinin müalicəsində olan potensialı, üzvi molekulların nanoansambllarının alınması, onların antimikrob xüsusiyyətlərinin gücləndirilməsi, hüceyrə xətləri üzərində aparılan tədqiqatlar haqqında məlumat verib.
Sonra kafedranın əməkdaşı Günel Əliyeva “C-H aktivləşmə əsasında sintez edilən üzvi birləşmələr ilə qrafen oksidin səthinin modifikasiyası” mövzusunda məruzə söyləyib. Tədqiqat qrupu tərəfindən sintez olunan qrafen oksidin Transmissiyalı Elektron Mikroskopiya, Skanedici Elektron Mikroskopiya və Rentgen Difraksiya metodu ilə xarakteristikası izah olunub.
Sonra məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.