BDU və İtaliyanın Trento Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə İtaliyanın Trento Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda universitetlər arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində birgə əməkdaşlığın qurulması nəzərdə tutulur.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Trento Universitetinin rektoru Flavio Deflorian imzalayıblar. Müqavilənin məqsədi universitetlər arasında elm, təhsil, mədəniyyət sahələrində müştərək layihələrin icra edilməsi, elmi-tədqiqat işlərində əməkdaşlıq, kadr mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfransların, sərgilərin, seminarların, simpoziumların, təlimlərin birgə təşkilindən ibarətdir.
Trento Universitetinin əsası 1962-ci ildə qoyulub, QS dünya universitetləri reytinq cədvəlində 440-cı yeri tutur. Hazırda universitetdə 16 mindən çox tələbə təhsil alır.