“BƏDƏLBƏYLİLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Moskvada yaşayan soydaşımız, filologiya elmləri doktoru, professor Tofiq Məlik kitaba “Çoxdan gözlənilən görüş” sərlövhəli “Ön söz əvəzi” yazmış, burada Fazil Rəhmanzadənin yaradıcılıq fəaliyyəti və şəxsiyyətindən söz açılmışdır. Xatırlatmışdır ki, yazıçı-publisistin son dəfə oxucularına təqdim etdiyi əsərlərin - Vaşinqtonda ingilis dilində “Sən mənimsən, Azərbaycan” və Bakıda “Yol” kitablarının nəşrindən 12 il keçir.
“Bədəlbəylilər” müəllifin son 12 ildə geniş oxucu auditoriyası ilə ilk görüşüdür. Kitaba giriş sözündə deyildiyi kimi, Bədəlbəylilər şəcərəsi qədim və çoxşaxəlidir. Bu şəcərənin nümayəndələri ilə oxucularını yaxından tanış edən müəllif diqqətə çatdırır ki, Bədəl bəy XX əsrin əvvəllərində mədəni-maarif fədaisi olmuşdur. Əhməd bəy Azərbaycan səhnəsində qadın rolunun ifaçısı, Əfrasiyab Bədəlbəyli Yaxın Şərqin müsəlman aləmində ilk baletin yaradıcısı, Şəmsi Bədəlbəyli isə Azərbaycan Musiqili Komediya Teatrının qurucularından biri kimi təqdim olunur.
Hazırda bu şəcərəni yaradıcı sənət aləmində pianoçuların beynəlxalq müsabiqələri laureatı, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli davam etdirir.
Müəllifin müxtəlif vaxtlarda qələmə aldığı qeydlərin, müsahibələrin, oçerklərin, Şəmsi Bədəlbəylinin həyat və yaradıcılığından bəhs edən “Sənətkar qüdrəti” monoqrafiyasının yer aldığı kitabda Bədəlbəylilər şəcərəsinin hər bir üzvü haqqında ətraflı söz açılır. Mətnlər fotoşəkillərlə müşayiət olunur.
Kitabın redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov, məsləhətçisi kimya elmləri doktoru, professor Telman Bədəlbəyli-Ağdamskidir.