BƏƏ beynəlxalq və regional ekspertlər qrupunun Yəmənə dair məruzəsini rədd edir
Əbu-Dabi, 1 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Ənvər bin Məhəmməd Qarqaş beynəlxalq və regional ekspertlər qrupunun Yəmənə dair məruzəsini qətiyyətlə rədd edib və İnsan Haqları Şurasını (HRC, Нuman Rights Council) Yəməndə insan haqlarının müdafiəsi üzrə təsisatlar yaradılması üçün bu ölkənin hökumətinə kömək etməyə çağırıb.
AZƏRTAC WAM dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, nazir BMT-nin insan haqları üzrə Ali Komissarı Mişel Baçeletə məktub yazıb. O, öz məktubunda izah edib ki, Ekspertlər Qrupunun mülahizə və metodologiyasında çoxsaylı və çox ciddi səhvlər buraxılıb, buna görə də BƏƏ və HRC üzvlərinin çoxu keçən il Ekspertlər Qrupunun mandatının uzadılmasını dəstəkləməyiblər.
Məktuba Ekspertlər Qrupunun 2018-ci ildə dərc olunmuş məruzəsinin hərtərəfli təhlili əlavə edilib. Məruzənin metodologiyasının və beynəlxalq hüququn müvafiq prinsiplərinin hərtərəfli araşdırılması əsasında bir neçə ay ərzində hazırlanmış bu təhlildə göstərilir ki, Ekspertlər Qrupu öz hesabatında mandatını dəfələrlə aşıb, eyni zamanda mühüm aspektləri yerinə yetirməyib. Məsələn, qrup Yəməndə münaqişə kontekstində özünün monitorinq və hesabat funksiyalarını tətbiq etməyib və onun metodoloji yanaşması səhv olub. Qrup beynəlxalq hüquq prinsiplərini düzgün şərh və tətbiq etməyib, BƏƏ-yə qarşı əsassız iddialar təqdim edib.
Eyni zamanda nazir təsdiq edib ki, BƏƏ Ali Komissarın mandatını və bütün dünyada, o cümlədən Yəməndə insan haqları sahəsində mövcud problemlərin həlli üçün üzv dövlətlərlə, habelə digər əlaqədar tərəflərlə ardıcıl işdə onun rolunu dəstəkləyir.
Ənvər Qarqaş vurğulayıb ki, Yəməndə münaqişə və dünyanın çox hissəsində humanitar fəlakətlər 2014-cü ildə husit könüllüləri tərəfindən Yəmənin qanuni hökumətinin zorla devrilməsinin nəticəsidir və koalisiyanın bir hissəsi olan BƏƏ-nin hərəkətləri Yəmənin qanuni hökumətinin xahişi ilə beynəlxalq hüquq normalarına tamamilə müvafiq şəkildə həyata keçirilir.
Asya Hacızadə
AZƏRTAC -ın xüsusi müxbiri
Əbu-Dabi