BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKO AZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Belarusun dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus dövlətinin başçısını təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Belarus Prezidentinə gül dəstəsi təqdim etdilər.
Prezident Aleksandr Lukaşenko və Baş nazir Artur Rasizadə hava limanının ali qonaqlar üçün salonunda qısa protokol söhbəti keçirdilər.
Azərbaycan və Belarusun dövlət başçılarının aparacaqları danışıqlarda müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaqdır. Bakıda keçiriləcək görüşlərdə Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlığının gücləndirilməsi və birgə layihələrin gerçəkləşdirilməsi istiqamətində konkret tədbirlər müəyyən ediləcəkdir.
Belarus nümayəndə heyətinə respublikanın aparıcı müəssisələrinin, nazirlik və baş idarələrinin rəhbərləri daxildir. Danışıqların yekunlarına əsasən bir sıra sazişlər imzalanacaqdır.