BELARUS SƏFİRİ NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA OLMUŞDUR
Qonağı səmimi salamlayan Ali Məclisin sədri onu Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmiş və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının təbiəti, relyefi, təbii ehtiyatları, iqtisadiyyatı, elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələri barədə ətraflı məlumat vermişdir.
Ali Məclisin sədri muxtar respublikanın 15 ildir Ermənistan tərəfindən blokadaya alındığını, rəsmi Yerevanın işğalçılıq siyasətinin regiona ağır maddi və mənəvi zərbələr vurduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, muxtar respublika Azərbaycanın paytaxtı Bakı şəhəri, respublikanın digər bölgələri ilə yalnız hava yolu və İran ərazisi vasitəsilə əlaqə saxlayır. Buna baxmayaraq, qədim Naxçıvan diyarı inkişaf edir, öz iqtisadiyyatını möhkəmləndirir. Xüsusi vurğulanmışdır ki, kənd təsərrüfatının inkişafı üçün Naxçıvana gətirilən maşın və mexanizmlər sırasında Belarus texnikasına üstünlük verilir.
Ali Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 17-də Belarusa səfərini ölkələrimizin tərəfdaşlıq münasibətlərində yeni mərhələ kimi dəyərləndirmiş, Naxçıvan Muxtar Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar yaratdığını qeyd etmişdir.
Səfir Nikolay Patskeviç səmimi qəbula görə minnətdarlığını bildirmiş və Naxçıvanda həyata keçirilən quruculuq işlərinin, qədim diyarın saf, təmiz havasının, onun təbiətinin, insanlarının mehribanlığının və qonaqpərvərliyinin onda xoş təəssüratlar doğurduğunu diqqətə çatdırmışdır. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin inkişafındakı xidmətlərini xatırlatmış, bu əlaqələrin indiyədək qorunub saxlandığını, rəsmi Minskin Azərbaycanla istənilən sahədə əməkdaşlığa hazır olduğunu vurğulamışdır.
Diplomat bildirmişdir ki, son illər ölkələrimiz arasında əmtəə dövriyyəsi sürətlə artır. Bu dövriyyəni daha da artırmaq, ölkələrimizin təsərrüfat subyektləri arasında davamlı əlaqələr yaratmaq üçün geniş imkanlar mövcuddur. Yaxın vaxtlarda sənaye və energetika sahəsində müştərək layihələrin gerçəkləşdirilməsinə nail olmaq mümkündür.
Görüşdə müasir şəraitdə dövlətlərimizin malik olduğu potensial əsasında müştərək müəssisələrin yaradılmasına da toxunulmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycanda Belarus traktorlarının, digər kənd təsərrüfatı texnikasının yığılması üçün geniş imkanlar vardır. Artıq bu sahədə atılan addımlar qarşılıqlı əməkdaşlığın perspektivlərindən xəbər verir.
Görüşdə Belarusun mövcud beş vilayətinin biri ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələrin yaradılması, nəqliyyat, turizm, təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
Səfir yaxın vaxtlarda Bakıda Belarus məhsullarının satış-sərgisinin keçiriləcəyini bildirmiş və Ali Məclisin sədrini bu tədbirə dəvət etmişdir.