Bərdə rayonunda top mərmisi aşkar edilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da saat 18:11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə rayonu, Mirzəxan kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bərdə rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bərdə rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Bəhramtəpə-Ağcabədi magistral yolunun kənarına baxış keçiriblər. Təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412) aşkar olunub və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.
Mərminin tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Qeyd edək ki, yanvarın 1-dən mayın 10-dək ANAMA tərəfindən 3475 ədəd partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə 3 mina zərərsizləşdirilib. Bu müddətdə 77 min 365 kvadratmetr ərazi yoxlanılıb.