Bərdədə Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunub
Bərdə, 6 fevral, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə “Gəl, ey səhər” adlı ədəbi-bədii gecə təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova çıxış edərək, Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Bildirib ki, Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni bir çox beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı və “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə Polad Bülbüloğlu Rusiya, ABŞ, Kanada, Türkiyə, Fransa, Argentina, Polşa, Almaniya, Danimarka, Niderland, İsveçrə, Finlandiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova və Gürcüstanda böyük uğurla çıxış edib. Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb. Bənzərsiz ifası ilə estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlunun mahnıları hər zaman sevilə-sevilə dinlənilir və qəlbləri riqqətə gətirir.
Tədbirdə Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Polad Bülbüloğlunun “Gəl, ey səhər”, “Şən Azərbaycan”, “Durnalar”, “İkisi bir boyda gəzən gözəllər” və digər mahnılarını ifa ediblər.
Sonda görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlunun çəkildiyi “Qorxma, mən səninləyəm” filmi nümayiş etdirilib.