Bərdədə Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilmişdir
Bakı, 22 aprel (AZƏRTAC). Bərdə Müalicə Diaqnostika Mərkəzində Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilmişdir.
Toplantını səhiyyə naziri Oqtay Şirəliyev açaraq Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizdə fevralın 17-dən başlayan icbari dispanserizasiya tədbirləri barədə məlumat vermişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda ölkə rəhbərinin sosial yönümlü siyasəti nəticəsində son illər ərzində səhiyyənin inkişafı istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərdən danışılmış, son 10 ildə Azərbaycanda ölüm göstəricisinin azaldığını, doğum, təbii artım göstəricilərinin isə yüksəldiyini diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. On il ərzində körpə ölümü göstəricisi 16,7 promillidən 10,8-ə, ana ölümü əmsalı 18,5-dən 14,5-ə enmişdir. Bu illər ərzində orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,9 yaşa çatmışdır.
Bildirilmişdir ki, 2003-cü illə müqayisədə 2014-cü ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 11 dəfədən çox artması ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan vermişdir. Belə ki, 2014-cü ildə səhiyyə sahəsinə Mingəçevirdə 8,5, Bərdədə 6,4, Ağdamda 5,7, Yevlaxda 4,3, Tərtərdə 2,6 milyon manat büdcə vəsaiti ayrılmışdır.
Məlumat verilmişdir ki, dövlət başçısının tövsiyəsinə əsasən bu il fevralın 17-dən başlayan və may ayının 1-dək davam edəcək icbari dispanserizasiya tədbirləri nəticəsində indiyədək Ağdam rayonu üzrə 40600, Bərdə rayonu üzrə 63199, Tərtər rayonu üzrə 51938, Yevlax rayonu üzrə 106803, Mingəçevir şəhəri üzrə 24484 nəfər tibbi müayinəyə cəlb olunmuşdur. Müayinələr zamanı 5 rayon üzrə 30548 xəstə aşkarlanmış və onlara müalicə kursu təyin edilmişdir.
Tədbirdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu qeyd edilmişdir.