BERLİNDƏ “KENNEDİLƏR” MUZEYİ AÇILMIŞDIR
Təqribən 600 kvadrat-metr sahəni əhatə edən əzəmətli muzeyin salonlarında kennedilər ailəsinin həyat tərzi, siyasi fəalliği tarixi sənədlər və digər eksponatlar vasitəsilə nümayiş etdirilir. Mindən artıq orijinal fotoşəkil, on mindən yuxarı tarixi sənəd və ailənin hər bir üzvünə məxsus məişət əşyaları, yazılı sənədlər, Kennedilər nəslinin, xüsusilə Con Kennedi və onun ailəsinin tarixini əks etdirir.
Hermesin ABŞ prezidenti Con Kennediyə hədiyyəsi və Kennedinin 14 il müddətində istifadə etdiyi portfel, onun şəxsi eynəyi, Roma Papası XII Piyin portreti həkk olunmuş brelok, konfrans və iclaslarda, rəsmi telefon danışıqları zamanı şəxsi qeydlər etdiyi kitabçalar, özünə və ailə üzvlərinə məxsus geyim əşyaları muzeyin eksponatları sirasındadır.
Con Kennedinin 1963-cü il iyunun 26-da Qərbi Berlinə səfəri zamanı ürək sözlərini yazdığı fəxri qonaqlar kitabı, o cümlədən Schöneberq bələdiyyəsi önündə izdihamlı kütlə qarşısında almanca dilə gətirdiyi “İch bin ein Berliner” (“Mən berlinliyəm”) kəlamının öz dəst-xətti ilə yazıldığı vərəq də muzeydə öz yerini tutmuşdur.
Muzeyin açılış mərasimində xatırladılmışdır ki, siyasi pafos və faciə, zəfər və ölüm kennediləri siyasi elitanın “ulduzları” səviyyəsinə qaldırmışdır.Qeyd edilmişdir ki,Con Kennedi şəxsi həyatını KİV nümayəndələri, jurnalist-fotoqraflara etibar edib onları həvəslə öz əhatəsinə buraxan ilk siyasətçi olmuşdur. Onun KİV nümayəndələri ilə işgüzar əlaqələrinin nəticələri bu gün açılan “Kennedilər” muzeyinin eksponatlarında da özünü göstərir.
Almaniya siyasi elitasının və ictimaiyyətin nümayəndələri, kennedilər nəslinin təmsilçiləri muzeyin açılış mərasimində iştirak etmişlər.