Bəxtiyar Haqverdiyev: Birlikdə mübarizə aparsaq, tövsiyələrə əməl etsək, bu bəlaya qalib gələ bilərik
Xaçmaz, 12 avqust, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan dövləti COVID-19-la effektli mübarizə aparır. Ölkəmizdə vaksinasiya prosesi uğurla davam etdirilir. Buna görə də ağır xəstələrin sayında ciddi çoxalma müşahidə edilmir. Amma təəssüf ki, koronavirusa (COVID-19) yoluxanların sayı yenidən artır. Ötən gün 2400 nəfərdə bu xəstəliyə yoluxma qeydə alınıb. Düşünrəm ki, buna səbəb vətəndaşlarda arxayınlıq yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artmasıdır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz Rayon Gigiyena-Epidemiologiya Mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev söyləyib.
B.Haqverdiyev bildirib ki, karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, şənlik mərasimlərinə icazə verilməsi virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb oldu.
“Kəskin artım tək bizim ölkədə deyil. Müşahidə etsək görərik ki, qonşu Rusiya, Gürcüstan və Türkiyədə də yoluxma rekord həddə çatıb. Dövlət tərəfindən koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür. Amma əsas məsuliyyət biz vətəndaşların üzərinə düşür. Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər azalar. Mütləq deyil ki, qadağa, tələb olsun. Hər kəs özünün və ətrafdakılarının sağlamlığını düşünməli, tibbi maskadan istifadə etməli, ünsiyyət zamanı məsafə saxlamalıdır. Hamımız birlikdə mübarizə aparıb, tövsiyələrə qulaq assaq, bu bəlaya qalib gələ bilərik”, - deyə B.Haqverdiyev söyləyib.