Beyləqan rayonunun 37 yaşayış məntəqəsində tibbi müayinələr başa çatmışdır
Beyləqan, 23 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov AZƏRTAC-a bildirmişdir ki, rayonda sakinlərin kütləvi dispanserləşdirilməsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüş, səhiyyə müəssisələrində lazımi şərait yaradılmışdır. Sakinlər rayon mərkəzi xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Bundan əlavə, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi aparılır.
Vətəndaşlar müxtəlif ixtisaslı həkimlərin müayinəsindən, həmçinin kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müalicəyə cəlb edilirlər. İndiyədək rayonun 40 yaşayış məntəqəsindən 37-də müayinələr başa çatmış, 53 min nəfərdən artıq sakin tibbi müayinədən keçmişdir. Xəstəlik aşkar edilən vətəndaşlardan 2310 nəfəri ambulator, 249 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 215 nəfər müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədi ilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq Beyləqan sakinləri tərəfindən yüksək razılıqla qarşılanır.