Beyləqanda oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb
Beyləqan, 26 aprel, AZƏRTAC
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəstxəti olan novator alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beyləqan rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Rayon ictimaiyyətinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Zərifə xanım Əliyeva hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq və onun xatirəsi daim hörmətlə anılacaq.
Rayon mərkəzi xəstəxanasının həkimləri Günel Bayramova və Əlizamin Hüseynli çıxışlarında oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb, Azərbaycan səhiyyəsində akademikin dəstxətinin davam etdirildiyini bildiriblər.
Tədbirdə akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən intellektual yarışın qaliblərinə və həkim Əlizamin Hüseynliyə Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr etdiyi əsərinə görə fəxri fərman və mükafatlar təqdim olunub.
Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.