BEYNƏLXALQ ANTİTERROR KOALİSİYASININ FƏAL ÜZVÜ KİMİ AZƏRBAYCANIN ATDIĞI ADDIMLAR YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Ölkəmizin Avstriyadakı səfirliyi, eyni zamanda BMT-nin Vyana bölməsi yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Milli Məclisin, Daxili İşlər, Ədliyyə və Milli Təhlükəsizlik nazirliklərinin, eləcə də respublika Prokurorluğunun məsul əməkdaşları iştirak etmişlər.
Seminarda Azərbaycanın terrorizmə qarşı mübarizə sahəsindəkı qanunvericiliyi nəzərdən keçirilmiş, onun ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması məsələləri, bununla bağlı milli qanunvericiliyə təklif olunan düzəliş layihələri müzakirə edilmişdir.
Nümayəndə həyətinin üzvləri müvafiq mövzular və tədbirin gündəliyindəki məsələlərə dair çıxışlar etmiş, ölkəmizdə terrorizmə qarşı mübarizə sahəsində görülən işlər və qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat vermiş, beynəlxalq konvensiyaların həyata keçirilməsi ilə bağlı mövcud problemlərdən danışmışlar.
Müzakirələrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü, işğal edilmiş və nəzərətdən kənar ərazilər probleminə toxunulmuş, erməni terroruna məruz qalmış ölkə kimi Azərbaycanda terrorizmə qarşı mübarizənin gücləndirilməsinə xüsusi önəm verildiyi vurğulanmışdır.
TQAŞ-ın rəhbərliyi son vaxtlar ölkəmizdə hüquqi, xüsusilə də qanunvericilik sahəsində görülmüş işləri, həmçinin beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi Azərbaycanın bu sahədə atdığı addımları yüksək qiymətləndirmişdir.
Seminarda milli qanunvericilik sahəsində zəruri tədbirlərə dair bir sıra tövsiyələr verilmiş, Azərbaycan Respublikası ilə TQAŞ arasında Tədbirlər Planı (Action Plan) imzalanmışdır.