CƏMİYYƏT
Beynəlxalq Bitki Sağlamlığı Günü ərəfəsində zeytun bağlarında monitorinq aparılıb
![](/files/galleryphoto/2022/2/1200x630/1652279432770213386_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652279432981459268_1200x630.jpg)
Bakı, 11 may, AZƏRTAC
Mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günü ərəfəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika üzrə silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən zeytun bağlarında birgə monitorinq aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər nazirliyin nəzdində fəaliyyət göstərən, Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən 2 saylı Yaşıllaşdırma İdarəsinin “Azəryaşlandşaft” Açıq Səhmdar Cəmiyyətinə məxsus 161 hektar sahəsi olan zeytun bağlarında keçirilib.
Monitorinq zamanı zeytun ağaclarının kütləvi şəkildə yastıcalarla sirayətlənməsi, o cümlədən zərərvericilərin ifraz etdiyi şirələrin yarpaqların üzərini örtərək funksiyasını məhdudlaşdırması nəticəsində yarpaqların tökülməsinə səbəb olması müşahidə edilib. Mütəxəssislərin fikrincə, bu, vaxtında kimyəvi və aqrotexniki tədbirlər aparılmadığı təqdirdə, bitkilərin məhv olmasına səbəb ola bilər. Müşahidələr göstərib ki, bağda damcıvari suvarma sistemi olduğu üçün vəziyyətə mütəmadi olaraq nəzarət edilməlidir. Bundan başqa, ətrafda zərərvericilər üçün sahib bitkilər olan alaq otlarının təmizlənməsinin həyata keçirilməsi, bağların kənarlarında ev heyvanlarından qoruyucu vasitələrdən ibarət sədlərin qurulması vacib şərtlərdəndir.
Monitorinq zamanı bitkilərə zərər vuran, karantin tətbiq edilməyən zərərvericilərin təyin edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilməsi üçün nümunələr götürülüb.