ELM VƏ TƏHSİL
Beynəlxalq elmi konfransda azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində “Mangistau tarixin axınında” adlı beynəlxalq elmi konfrans keçirilib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev konfransda “Volqa-Xəzər dəhlizi Böyük İpək Yolunun iki qolu kimi” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Ə.Quliyev məruzəsində Böyük İpək Yolunun Volqa-Xəzər ətrafında bitdiyi yerdən Avropaya getmək üçün iki istiqamətə şaxələnməsindən bəhs edib. Məruzənin əsasını alimin 2010-cu ildə Cənubi Qazaxıstanın Türküstan şəhəri ətrafında Sauran, Otrar, Karatube qala şəhərlərində, 2011-2012-ci illərdə Türkmənistanda, 2014-cü ildə isə Özbəkistanın Buxara, Nəvai və Nurata şəhərlərində su sistemləri (kəhriz, ovdan, quyu) üzərində apardığı tədqiqat materialları təşkil edib. Ə.Quliyevin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Rusiya və İtaliyadan alimlər, arxeoloqlar, yerli tarixçilər, regional idarələrin rəhbərləri, tarixi-mədəni irs abidələrinin mühafizəsi sahəsində mütəxəssislər iştirak edərək məruzə ilə çıxış ediblər. Konfrans iştirakçıları, həmçinin Mangistau vilayətində yerləşən Kuyeutam türbəsi, Çoban Ata xanəgahı və Beket Ata xanəgahını ziyarət edib, oradakı qəbir abidələrinin və türbələrin qorunması, mənəvi irsin yaşadılması ilə tanış olublar. Onlar Mangistau vilayətinin tarix-mədəniyyət qoruğu və tarix-diyarşünaslıq muzeyinin ekspozisiyası ilə tanış olublar.