BEYNƏLXALQ FOLKLOR ELMİ KONFRANSI BAŞA ÇATMIŞDIR
Azərbaycan Milli Ensiklopediyasının iclas salonunda keçirilən iki günlük beynəlxalq folklor elmi konfransı yanvarin 11-də öz işini başa çatdırmışdır. Milli Elmlər Akademiyasının Folklor Mərkəzinin və Azərbaycan Milli Ensiklopediyasının birgə keçirdikləri konfransın yekunları barədə təşkilat komitəsinin həmsədri, filologiya elmləri doktoru İsmayıl Vəliyev AZƏRTAC-ın müxbirinə demişdir:
- “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda keçirilən beynəlxalq konfransda folklorşünaslığın nəzəri və praktiki problemlərindən bəhs edən 20-dək məruzə dinlənildi. İrandan, Türkiyədən gələn alimlər azərbaycanlı həmkarları ilə birlikdə ümumi türk folklorunun, eyni zamanda, ayrı-ayrı regionların problemlərinə aid maraqlı mövzularla çıxış etdilər.
Bugünkü məruzələrdə toxunulan məsələlərin hərtərəfli təhlili müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın əldə etdiyi nailiyyətləri bir daha aydın göstərdi. Belə ki, başqa sahələrdə olduğu kimi, Azərbaycan folklorşünaslığında da ciddi yeniliklər müşahidə edilir. Folklorşünaslığın həm qədim tarixi, həm bugünkü vəziyyəti yüksək peşəkarlıqla tədqiq olunur. Məlumdur ki, folklor sahəsində aparılan tədqiqatların da özünəməxsus problemləri var və onları bir ölkədə həll etmək mümkün deyildir. Bu baxımdan folklorşünasların belə tədbirlərə toplaşıb ümumi məsələlərin birgə müzakirə edilməsi təqdirəlayiqdir.
Folklor müxtəlif elmlərlə - tarix, fəlsəfə, coğrafiya ilə qarşılıqlı əlaqədə öyrəniləndə daha mükəmməl, obyektiv nəticələr əldə olunur. Yaxşı cəhət budur ki, hazırda xalq yaradıcılığının öyrənilməsində siyasi təsirlər, müxtəlif xarakterli təzyiqlər yoxdur. Bugünkü siyasi mühitimiz Azərbaycan folklorunun hərtərəfli öyrənilməsinə də geniş şərait yaratmışdır. Bu konfrans göstərdi ki, Azərbaycan folklorşünaslığı ümumtürk folklorşünaslığı içərisində özünəməxsus yer tutur. Gələcəkdə belə qarşılıqlı əlaqələrin genişləndirilməsi ümumilikdə həm türk folklorşünaslığının, həm də dünya mədəniyyətinin bu sahəsinin geniş inkişafına gətirib çıxaracaqdır.
Konfransda belə bir halı da müşahidə etdik ki, burada iştirak edən ölkələrin hər birində gənc folklorşünas alimlər yetişir. Bu, gələcəkdə xalq yaradıcılığının daha dərindən və əhatəli öyrəniləcəyinə, folklorşünaslığın inkişafına ümidlə baxmağa imkan verir.