BEYNƏLXALQ FONDUN NÜMAYƏNDƏSİ AZƏRBAYCANDA MONİTORİNQİN NƏTİCƏLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
“Şimal-Şərq inkişaf layihəsi” uğurla həyata keçirilir”. Bu fikri Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun planlaşdırma üzrə məsləhətçisi Samir Əsmər həmin layihənin monitorinqindən sonra bildirmişdir. O, Azərbaycan hökuməti ilə təmsil etdiyi fondun birgə maliyyələşdirdiyi layihənin əhatə etdiyi Abşeron, Xızı, Siyəzən və Dəvəçi rayonlarında olarkən fermerlər, torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı ilə bağlı olan kiçik və orta sahibkarlarla görüşmüş, regionun suvarma şəbəkəsində aparılan təmir-bərpa işlərini müşahidə etmişdir. Layihəyə uyğun yaradılmış Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyəti, suvarma sistemlərindəki son dəyişikliklər və inkişaf qonağı razı salmışdır.
Beynəlxalq təşkilatın nümayəndəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin mütəxəssisləri ilə birlikdə 2009-cu ildə layihə üzrə görüləcək işlərin planı və illik büdcəsinin müzakirəsində iştirak etmişdir. Qəbul edilmiş proqrama uyğun olaraq regionda əkin suyu ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə daha böyük miqyasda təmir-tikinti və yenidənqurma işləri görüləcəkdir.
Görüşlərdə qeyd edilmişdir ki, belə layihələr regionlarda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, ərzaq bolluğu yaradılmasına, kənd yerlərində yaşayan insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.