REGİONLAR
Beynəlxalq Gənclər Günü münasibətilə Uzunoba gölü ətrafında təmizlik aksiyası keçirilib
![](/files/galleryphoto/2020/2/1200x630/1596698745113196714_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15966987454755160948_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15966987451319042901_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1596698745205558887_1200x630.jpg)
Naxçıvan, 6 avqust, AZƏRTAC
12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Uzunoba gölü ətrafında təmizlik aksiyası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkil etdiyi aksiyaya 30 gənc qatılıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ayaz Cabbarov, Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov və Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bildiriblər ki, 1998-ci ildən etibarən avqustun 12-si Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün təsis olunmasında əsas məqsəd gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində iştirakına təkan verməkdir. Ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu gün gənclərin asudə vaxtlarının səmərəli təşkili dövlət gənclər siyasətinin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, gənclərin mənalı istirahəti təmin edilir. Onların dövrün tələb və çağırışlarına hazırlıqlı olması, müasir biliklərə yiyələnməsi, beynəlxalq aləmdə rəqabətədavamlı şəkildə yetişmələri daim diqqət mərkəzində saxlanılır. Sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Bu gün diyarımızda gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
Çıxışlardan sonra aksiya iştirakçılarına təmizlik avadanlıqları paylanılıb, gölün ətrafı tullantı və daşlardan təmizlənib.