BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 7-də Səttar Bəhlulzadə adına Sərgi Salonunda “Molla Nəsrəddin” Azərbaycan-2008” Beynəlxalq karikaturaçıların müsabiqəsinə yekun vurulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO), Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə Bakıda “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq “Molla Nəsrəddin” Azərbaycan-2008” karikatura müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə “Molla Nəsrəddin” Azərbaycan-2008” müsabiqəsinin əhəmiyyətindən danışmış, rəssamlarımızın uğurlu çıxışlarını alqışlamışlar. Bildirilmişdir ki, müsabiqəyə 60-a yaxın ölkədən 300 karikaturaçı rəssamın 1000-dək əsəri təqdim olunmuşdur.
Qeyd olunmuşdur ki, münsiflər heyətinin rəyi nəzərə alınaraq, yarışda iştirak edən əsərlər arasından 133 ən yaxşı karikatura əsəri seçilmiş və müsabiqənin kataloquna daxil edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu kataloq nəşr olunaraq, müsabiqədə qalib gəlmiş və müxtəlif ölkələri təmsil edən rəssamlara paylanılması nəzərdə tutulmuşdur.
B.Hacızadə qeyd etmişdir ki, münsiflər heyətinin tərkibi 9 ölkənin tanınmış karikaturaçı rəssamlarından ibarət olmuşdur. Mükafatlandırılma prosesi çox şəffaf aparılmışdır. Münsiflər heyətinin tərkibində Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası prezidentinin təmsil olunması obyektivliyin təmin edilməsinə böyük təkan vermişdir. Bundan əlavə, Türkiyə, Belçika, İsrail, Argentina, Kipr, Polşa, Çin Xalq Respublikası, Azərbaycan kimi ölkələrin məşhur karikaturaçıları münsiflər heyətində təmsil olunmuşlar.
Münsiflər ən yaxşı 133 əsərin seçilməsinə qərar vermişlər. Müsabiqədə 3 ölkənin (Azərbaycan, İran, Polşa) rəssamı qızıl medala layiq görülmüşdür. 2-ci, 3-cü yerlərə xarici ölkə rəssamları layiq görülmüşlər. Sevindirici haldır ki, xüsusi mükafata layiq görülən əsərlər arasında 5 azərbaycanlı rəssamın əl işləri də vardır.
Bayram Hacızadə 3 qızıl medala layiq görülmüş rəssamlar arasında Seyran Cəfərlinin də olmasına və ümumiyyətlə bu seçimdə gənc karikaturaçılarımızın iştirakına ürəkdən sevindiyini bildirmişdir.
Sonda qaliblər mükafatlandırılmışlar.