BEYNƏLXALQ LAYİHƏ DÖRD ALİ TƏHSİL OCAĞINI ƏHATƏ EDİR
Texniki Universitetin rektoru, professor Havar Məmmədov konfransı açaraq bildirmişdir ki, Avropa Mədəniyyət və Təhsil Komissiyasının dəstəklədiyi bu layihələrin birincisi ATU-da iki il yarıma reallaşdırılmışdır. Nəticədə elektrotexnika fakültəsində Avropa standartlarına uyğun bakalavr və magistr təhsil pillələri yeniləşdirilmiş, müasir avadanlıqla təchiz edilmiş üç tədris laboratoriyası qurulmuş, professor-müəllim heyətinin təxminən 30 nəfəri tanışlıq məqsədi ilə Almaniyada olmuşdur. Bundan əlavə, tədris olunan fənlər üzrə mühazirə icmalları hazırlanıb çap edilmişdir.
H.Məmmədov xatırlatmışdır ki, Azərbaycanda mühəndis hazırlığının modernləşdirilməsinə həsr olunmuş yeni layihə Texniki Universitetdən əlavə, ölkəmizin daha üç ali məktəbində də həyata keçiriləcəkdir.
Təhsil naziri Misir Mərdanov layihənin əhəmiyyətini vurğulamış, onun uğurla reallaşdırılacağına ümidvar olduğunu söyləmişdir.
Konfransda Neft Akademiyasının rektoru Siyavuş Qarayevin “Tempus layihəsinin ADNA-da təhsilin və tədqiqatların odernləşməsinə təsiri”, Azərbaycanda Avropa evinin əlaqələndiricisi xanım Canni Boşerin “Azərbaycanda ali məktəb sisteminin inkişafına Avropa Birliyinin köməyi”, bp-nin nümayəndəsi Stan Bennionun “bp tərəfindən diplomlu mütəxəssislərin hazırlanmasında təhsilin keyfiyyətinə perspektiv tələblər” mövzusunda məruzələri dinlənilmişdir.
Tempus layihəsinin əlaqələndiricisi professor Rza Talibi-Dəryani layihələrin həyata keçirilməsi sahəsində 2003-cü il sentyabrın 20-dək olan vəziyyət barədə məlumat vermişdir.
Konfransda Almaniyanın ölkəmizdəki səfirinin müavini Karsten Meyer-Viefhausen iştirak etmişdir.