Beynəlxalq Qadınlar Günündə Qarabağ müharibəsinin qadın iştirakçısı ilə görüş
Bakı, 8 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Vəli Məmmədov adına Mədəniyyət Evində Mirvarid Dilbazi poeziya dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci Qarabağ müharibəsinin iştirakçısı, polis mayoru, qazi, şair Aidə Şirinova və şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vəli Məmmədov adına Mədəniyyət evinin nəzdində fəaliyyətə başlayan Mirvarid Dilbazi poeziya dərnəyinin rəhbəri Güllü Eldar Tormarlı tədbir haqqında geniş məlumat verib.
Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva, qazi Nadir Həsənoğlu, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin idarə heyətinin üzvü Azadə Quliyeva, şairlərdən Tamam Yaralı, Esmira Aslanxanlı çıxış etdilər.
Tədbirdə birinci Qarabağ müharibəsinin iştirakçısı Aidə Şirinova və Mehman Musayevin nişanlısı Sevda Əliyeva gənclərin onlarla görüşə gəlişini ürəkdən alqışlayıblar. Gənclərin onlara ünvanladığı maraqlı sualları cavablandırıblar.
Tədbir ədəbi-bədii proqramla davam edib.