İQTİSADİYYAT
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzvlərinin işçi qrupunun onlayn iclası keçirilib
![](/files/galleryphoto/2020/2/1200x630/15885958305177260915_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1588595830532649892_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzvlərinin işçi qrupunun onlayn iclası keçirilib. İclasda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən baş direktorun müavinləri Vahid Əliyev, Əkbər Kərimov və Maftun Abbasov iştirak ediblər.
Limandan AZƏRTAC-a bildirilib ki, direktor müavini V.Əliyev və M.Abbasov koronavirus pandemiyasi ilə mübarizə çərçivəsində Bakı Limanında həyata keçirilən tədbirlər haqqında məlumat veriblər. İşçi qrupun diqqətinə çatdırılıb ki, Bakı Limanında iki zona - müvəqqəti saxlanma və karantin və steril (təmiz) zonaları yaradılıb. Əraziyə daxil olan hər bir sürücüdən laborator analizlər götürülür, səhhətləri nəzarətdə saxlanılır və testin cavabı çıxana qədər xüsusi ərazidə qalırlar. Yalnız nəticəsi neqativ olan sürücülər steril (təmiz) zonaya daxil ola bilirlər.
Həmçinin iclas zamanı Bakı Limanının təşəbbüsü ilə həyata keçirilən ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi barədə də məlumat verilib. Baş direktorun müavini Ə.Kərimov onlayn konfransın iştirakçılarına layihənin hazırkı vəziyyəti, yol xəritəsi, konseptual dizaynın həyata keçirilməsi, idarəetmə və mövcud platformalarla layihə çərçivəsində inteqrasiyası barədə məlumat verib.