Beynəlxalq Türk Akademiyasının 2020-ci il üçün tədbirlər planı təsdiqlənib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısında bu qurumun planlaşdırılan yubiley tədbirlərinin siyahısı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, iclasda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali 2020-ci il üçün fəaliyyət planı haqqında məlumat verib. Qeyd olunub ki, bu il Monqolustanda “Tonyukuk” abidəsinin 1300, “Manas” dastanının 1025 illiyi, Abay Kunanbayevin anadan olmasının 175, Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi, AMEA-nın yaradılmasının 75-ci, Beynəlxalq Türk Akademiyasının yaradılmasının 10-cu ildönümü və s. qeyd olunacaq.
Azərbaycanın Təhsil naziri Ceyhun Bayramovun təklifi ilə Ə.Haqverdiyevin 150 və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyləri də təşkilatın tədbirlər planına daxil edilib.
İclasda ötən ildə görülən işlərin hesabatı da təqdim edilib. Xatırladılıb ki, 2019-cu ildə Beynəlxalq Türk Akademiyası tərəfindən Balasaqunlu Yusifin “Kutadqu Bilik” əsərinin yazılmasının 950-ci, Qızıl Orda Xanlığı ilə Monqol İmperatorluğunun yaranmasının 750-ci ildönümü, İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi, məşhur türkoloq İştvan Konır Mandokinin anadan olmasının 75-ci ildönümü, Atatürkün başladığı Milli Mücadilənin 100-cü ildönümü və türk dünyasının inteqrasiyası üçün böyük əhəmiyyətə malik, Türk Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və Mirası Fondunun qurulması ilə nəticələnən Naxçıvan Müqaviləsinin imzalanmasının 10-cu ildönümü qeyd edilib.