SİYASƏT
Biləsuvar rayonunda 15 qadın mühüm dövlət qulluğunda çalışır
Biləsuvar, 16 iyul (AZƏRTAC). Ölkənin ictimai-siyasi həyatında qadınların rolunun artırılması və bu sahədə qarşıda duran vəzifələr Biləsuvar şəhərində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları və qadın təşkilatlarının birgə yığıncağında ətraflı müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının qərargahında keçirilən yığıncaqda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan vahid dövlət qadın siyasətinin Prezident İlham Əliyevin liderliyi ilə uğurlu davam etdirilməsi haqqında məlumat verilib, cəmiyyətimizdə qadınların hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirilib.
Diqqətə çatdırılıb ki, 95 minə yaxın rayon əhalisinin 47 min 974 nəfəri qadınlardan ibarətdir və onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Rayon icra hakimiyyət başçısının müavini Xəyalə Qəmbərova Biləsuvarda 15 qadının mühüm dövlət qulluğunda, 30 nəfərin bələdiyyələrdə təmsil olunmasını, 20 qadının sahibkar kimi fəaliyyətini dövlətin qadınlara etimadının bariz nümunəsi kimi səciyyələndirib.
Bildirilib ki, rayonun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayan qadınların 1000 nəfərdən çoxu təhsil, 500-ü mədəniyyət, 800-ü isə səhiyyə sahəsində çalışır.
Qadınların ictimai fəallığına diqqət çəkən YAP rayon təşkilatının sədri Kamil Mirzəyev deyib ki, bu gün partiyanın 4604 üzvündən 1306 nəfəri qadınlardır və onlar istisnasız olaraq bütün tədbirlərin fəal iştirakçılarıdırlar.
Yığıncaqda cəmiyyətdə qadının nüfuzu, ictimai-siyasi fəallığı və bələdiyyə seçkilərində onların təmsilçiliyinin artırılması ilə bağlı təkliflər ümumiləşdirilib, qarşıdakı vəzifələr müəyyənləşdirilib.