Biləsuvarda əhalinin tibbi müayinəsi başa çatmaq üzrədir
Biləsuvar, 21 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Biləsuvarın səhiyyə ocaqlarında əhalinin profilaktik tibbi müayinəsi yüksək fəallıq şəraitində davam edir.
Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Peşəkar həkim briqadalarının apardığı profilaktik müayinələr əhalin tərəfindən böyük razılıqla qarşılanır.
Rayon icra hakimiyyəti başçısının müavini, əhalinin kütləvi tibbi müayinəsini həyata keçirən komissiyanın sədri Xəyalə Qəmbərova AZƏRTAC-a bildirmişdir ki, sakinləri bu mühüm kampaniyaya cəlb edilməsi üçün rayonda geniş təbliğat və təşviqat işləri aparılır. İcra hakimiyyətində yaradılmış komissiya və qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Bütün bunların nəticəsidir ki, artıq rayonun 26 yaşayış məntəqəsindən 20-də müayinələr başa çatmışdır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Şamil Cəfərov demişdir: “Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanı uğurla başa çatdırmaq üçün rayonda bir daimi, 3 səyyar həkim briqadası yaradılmış, 14 həkim , 6 tibb məntəqəsi kompaniyaya cəlb edilmişdir. Ümumilikdə 54 həkim, 140 orta tibb işçisindən ibarət həkim briqadaları tərəfindən aksiya başlanandan bu günədək 73931 rayon sakini tibbi müayinədən keçirilmişdir.
Müayinələr zamanı xəstəlik aşkar edilən vətəndaşlar ambulator və stasionar müalicəyə cəlb olunmuş, onlardan bəziləri isə respublikanın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
Rayonun səhiyyə işçiləri aksiyanı uğurla başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər”.