Binəqədi rayonunda növbəti humanitar aksiya
Bakı, 24 aprel (AZƏRTAC). Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini anma günü və anadan olmasının 91-ci ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri aprelin 21-dən 25-dək reallaşdırılan rayon məktəblilərinin göz müayinəsindən keçirilməsi aksiyasıdır. Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən xeyriyyə aksiyası Azərbaycan elmində xüsusi yeri olan, dünya oftalmologiya elminə əvəzsiz töhfələr vermiş peşəkar həkim, qayğıkeş insan, həmçinin Vətəninə, xalqına qəlbən bağlı olan akademik Zərifə Əliyevanın nəcib əməllərini, öz həmvətənlərinə, xüsusilə uşaqlara və yeniyetmələrə olan qayğısını bir daha ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm tədbir kimi qiymətləndirilir.
Tədbirin əvvəlində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva aksiyanın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, azyaşlı uşaqlarda göz xəstəlikləri daha geniş yayılmışdır və bu baxımdan xəstəliklərin erkən yaşdan aşkarlanması vacibdir.
Sonra 11 nömrəli şəhər poliklinikasının baş həkimi Məlahət İbrahimova aksiya barədə statistik məlumat vermiş və bildirmişdir ki, artıq bu gün 75 uşaqda göz qüsuru aşkarlanmışdır.
Aksiya çərçivəsində yaradılmış səyyar tibbi briqada rayonun 32 tam orta məktəbindən 4115 nəfər ibtidai sinif şagirdini tibbi müayinədən keçirməyi planlaşdırır. Biləcəri qəsəbəsindəki orta məktəblərdə başlayan tədbir rayonun digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir. Aksiyaya ilk olaraq Biləcəri qəsəbəsindəki 284 nömrəli orta məktəbdə başlanılmışdır.
Belə humanitar xarakterli tədbirlərin əhəmiyyətindən danışan rayon sakinləri, eləcə də müəllimlər və məktəblilərin valideynləri gələcəyimiz olan yeniyetmə və gənc nəslin sağlamlığı baxımından tibbi müayinələrin keçirilməsini yüksək qiymətləndirdi, dövlətin öz vətəndaşlarının sağlamlığının qorunmasına göstərdiyi qayğının əyani sübutu kimi səciyyələndirmişlər.