Biofizika İnstitutunda beynəlxalq elmi seminar keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Biofizika İnstitutunda beynəlxalq elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, seminarı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbir iştirakçılarına İtaliyadan olan alimlər - professor Laura Raqona, Simona Tomaselli və onların tədqiqat istiqamətləri haqqında məlumat verib. Onun sözlərinə görə, professor L.Raqonanın laboratoriyası ilə Biofizika İnstitutu 6 ildən çoxdur ki, əməkdaşlıq edir. Bu əməkdaşlığın uğurlu və məhsuldar olmasında AMEA və İtaliya Milli Tədqiqat Şurasının (CNR) qrantları mühüm əhəmiyyətə malikdir.
Sonra İtaliya Milli Tədqiqat Şurasının (CNR) Kimya Elmləri və Texnologiyaları İnstitutunun professoru Laura Raqona məruzə ilə çıxış edib. Onun çıxışının əsas hissəsi Biofizika İnstitutu ilə birgə apardığı işlərlə əlaqəli olub. O, Alzheymer xəstəliklərinin əmələ gəlməsinə səbəb olan beta-amiloid aqreqatlarının modeli kimi ipək fibroini üzərində aparılan tədqiqatların mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu modeldən istifadə edərək aqreqatların əmələgəlmə kinetikası və onların yaranma tendensiyasının ləngidilməsi istiqamətində Biofizika İnstitutu ilə birgə aparılan elmi tədqiqatların yeni qrant layihəsi çərçivəsində davam etdirilməsi arzusunda olduqlarını bildirib. İtaliyalı alim əldə olunan nailiyyətlərdən bəhs edərək, onun tibbi perspektivlərini də vurğulayıb.
Sonda seminara yekun vuran institutun baş direktoru Oktay Qasımov məruzəçiyə Biofizika İnstitutu adından təşəkkür edib. Bildirib ki, bu əməkdaşlığın uğurla davam etdirilməsində Biofizika İnstitutunun da böyük marağı var.