Bir ehtiyatsız hərəkət partiya biletindən məhrum edilməklə nəticələnə bilər
Brüssel, 6 aprel, AZƏRTAC
Belçikada flamandiyalı radikalların mövqeyini əks etdirən ifrat sağçı “Vlaams Belang” partiyasının Limburq əyalətinin Sint-Trüyden şəhərindəki bölməsinin sədri Katrina Lanqlet öz tərəfdarlarını nasistlərə xas olan formada (“ziq-hayl” stilində) salamlayarkən çəkilmiş fotoşəkli yayılandan sonra bu vəzifədən müvəqqəti kənarlaşdırılıb.
Katrina Lanqlet Belçika parlamentinin nümayəndələr palatasına seçkilərdə “Vlaams Belang” partiyasının siyahısında ilk yerlərdən birini tutur.
AZƏRTAC xəbər verir ki, qalmaqallı fotoşəkil yayılandan sonra Lanqletin partiyadan xaric edilməsi barədə məsələ qaldırılıb.
Belçikanın qanunverici orqanının Vlaams Belang” partiyasından olan deputatı, eyni zamanda, Limburq əyalətində bu partiyanın sədri olan Kris Yansens jurnalistlərə “bu cür davranışın yol verilməz olduğunu” söyləyib.
Yansens deyib: “Biz Katrina Lanqleti partiyanın Sint-Trüyden şəhərindəki bölməsinin sədri vəzifəsindən azad etmişik və onun partiya sıralarından xaric edilməsi barədə daxili prosedur başlamışıq. Onun özünü müdafiə etmək üçün çıxış etməsinə imkan veriləcək”.
Vüqar Seyidov
AZƏRTAC -ın xüsusi müxbiri
Brüssel