İDMAN
Birinci Avropa Oyunlarının cüdo üzrə komanda yarışları fransalı idmançıların qələbəsi ilə başa çatıb
Bakı, 28 iyun, Səxavət Quliyev, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının dördüncü günündə - iyunun 28-də kişilər arasında 10, qadınların mübarizəsində isə 7 komanda birincilik uğrunda mübarizə aparıb. Azərbaycan yığmaları komanda yarışlarında iştirak etməyib.
Kişilərin mübarizəsində qızıl medal uğrunda görüşdə Fransa və Gürcüstan milli komandaları qarşılaşıb. Gürcüstan millisini 4:1 hesabı ilə məğlub edən fransalı cüdoçular komanda yarışında birinci Avropa Oyunlarının qalibi olublar. Bürünc medala isə Rusiya və Ukrayna yığmaları layiq görülüb.
Qadınların yarışında finalda fransalı və almaniyalı cüdoçular tatami üzərinə çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fransa millisi Almaniya yığmasını 4:1 hesabı ilə məğlub edib və qızıl medala sahib olub. İtaliya və Sloveniya yığmaları yarışı üçüncü pillədə başa vurublar.