İQTİSADİYYAT
Birinci yarım il üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatı yayımlanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları və alətləri vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda dövri olaraq təhlili və statistik hesabatlar, icmallar, bülletenlər geniş auditoriyaya təqdim olunur.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə 2021-ci ildən etibarən Mərkəzi Bank tərəfindən növbəti mühüm təhlili siyasət sənədi kimi maliyyə sabitliyi hesabatı hazırlanmasına və geniş ictimaiyyətə açıqlanmasına başlanıb. Hesabatın məqsədi maliyyə sektorunun sabitliyi və onun dayanıqlılığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsi və maliyyə sabitliyinin təmin edilməsi üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasət tədbirlərinin əks etdirilməsidir. Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunub, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlılığı qiymətləndirilib, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılıb.
Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə edilən təhlil metodlarından istifadə olunub. Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir. Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.