Birləşmiş Şəhər Xəstəxanası yeni hemodializ aparatları ilə təmin olunub
Bakı, 2 sentyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakının Qaradağ rayonundakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası xroniki böyrək çatışmazlığı olan xəstələri dializlə təmin etmək gücünə malik 8 hemodializ aparatı ilə təmin olunub.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, 2022-ci il 30 sentyabrdan etibarən 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (BŞX) Hemodializ şöbəsində xəstə qəbuluna başlanılıb.
Mərkəzdə həftədə 3 dəfə və hər biri dörd saat olmaqla son mərhələ böyrək çatışmazlığı olan xəstələrə hemodializ proseduru həyata keçiriləcək.
Qeyd edək ki, düzgün işləyən böyrəklər orqanizmdə əlavə maye və zərərli maddələrin yığılmasının qarşısını alır.
Onlar, eyni zamanda, qan təzyiqini idarə etməyə və qanda elektrolit səviyyəsini tənzimləməyə kömək edir, kalsiumun mənimsənilməsini yaxşılaşdıran D vitaminini aktivləşdirir.
Böyrəklər xəstəlik və ya zədə səbəbindən bu funksiyaları yerinə yetirə bilmədikdə, dializ orqanizmin mümkün qədər normal işləməsinə kömək edə bilər, lakin bu böyrək çatışmazlığının tam həlli deyil.
Bədəndə toplanmış həyati təhlükə yaradan tullantılar və toksinlərin xaric olunması müalicə edilmədikdə ömrü uzatmaq üçün dializ müalicəsi və ya böyrək nəqli lazımdır.