SİYASƏT
Bişkekdə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 16-cı iclası keçirilmişdir
Bişkek, 15 noyabr (AZƏRTAC). Bişkekdə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 16-cı iclası keçirilmişdir. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xüsusi xidmət orqanlarının rəhbərləri və təmsilçiləri, həmçinin Rusiya, Ukrayna və Gürcüstandan nümayəndələr iştirak etmişlər.
İclasda konfransın üzvü olan ölkələrin ərazisindən beynəlxalq terrorizm və dini-ekstremizmin tranziti kimi istifadə olunması hallarının aşkarlanması və qarşısının alınması məsələləri geniş müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, terrorizm və dini ekstremizmin aktivləşməsi Yaxın və Orta Şərqdəki lokal hərbi münaqişələrlə bilavasitə bağlıdır. Bu və ya digər ölkələrdə internet vasitəsi ilə dini ekstremistlərin təsirinə düşən gənclər “qaynar nöqtələr”ə aparılır, orada müəyyən təlim keçdikdən sonra öz ölkələrinə qayıdaraq xarici terror təşkilatlarından aldıqları tapşırıqları həyata keçirməyə başlayırlar. Yaranmış vəziyyət təsirli təhlükəsizlik tədbirləri görülməsini, effektiv çıxış yolları tapılmasını tələb edir.
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Busurmankul Tabaldiev məlumat vermişdir ki, konfransın növbəti 17-ci iclası Türkiyədə keçiriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek