DÜNYA
“Bloomberg”: Mərakeş qlobal tədarük siyahısında mühüm yerdədir
![“Bloomberg”: Mərakeş qlobal tədarük siyahısında mühüm yerdədir](/files/2023/3/1200x630/16992706724525344407_1200x630.jpg)
Bakı, 6 noyabr, AZƏRTAC
Mərakeş Vyetnam, Polşa, Meksika və İndoneziya ilə yanaşı, ABŞ və Çin arasındakı münasibətlərdəki gərginliyə cavab olaraq tədarük zəncirinin yenidən təşkil edilməsindən faydalanır.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, “Bloomberg Businessweek” “Bloomberg Economics” ilə birgə apardığı tədqiqatda ticarət və investisiyalar haqqında məlumatları təhlil edərək, yaranmış geosiyasi nizamsızlıqda əsas rol oynayan beş ölkəni göstərib. Bu, Vyetnam, Polşa, Meksika, Mərakeş və İndoneziyadır. Bu ölkələr hətta Hindistanı geridə qoyaraq və Almaniya və Yaponiyaya yaxınlaşaraq, ümumilikdə 2022-ci ildə 4 trilyon dollarlıq iqtisadi həcm istehsal ediblər.
“Bloomberg”in məlumatına görə, bu beş ölkənin üstün coğrafi vəziyyəti və ticarətə köməkdə rolu həmin ölkələri mühüm kəsişmə nöqtəsinə çevirir. Halbuki onlar dünya ÜDM-inin yalnız 4 faizini təşkil edir və 2017-ci ildən bəri yeni layihələrə bütün qlobal investisiyaların 10 faizdən çoxunu, yaxud da 550 milyard dollar cəlb ediblər. Bu ölkələr olduqca fərqli siyasətə baxmayaraq, özlərinə Birləşmiş Ştatlar və Çin, yaxud da Çin, Avropa və Asiyanın digər ölkələri arasında yeni birləşdirici amil qismində mövqe seçərək, açılan iqtisadi imkanlardan istifadə etmək kimi opportunist arzularında eynidirlər.
Dünyanın böyük fosfat ehtiyatlarına malik olan Mərakeş dünya avtomobil sənayesinə transformasiyada, xüsusən də elektromobillərdə geniş istifadə olunan litium-dəmir-fosfat akkumulyatorlarının (LFP) istehsalında “böyük ölkə”yə çevrilir.
Krallıqda avtomobil sektorunda sürətli artım müşahidə olunur: “Renault SA” və “Stellantis NV” zavodları ABŞ-dan olan xeyli tədarükçülərin dəstəyi ilə hər gün minlərlə avtomobil istehsal edirlər. “Lear Corp.” və “Commercial Vehicle Group Inc.” kimi şirkətlər bu il genişləndirilmə planlarını belə elan ediblər.
May ayında Çinin “Gotion High-Tech” şirkəti dünyada akkumulyator istehsal edən ən iri şirkətlərindən birinin Mərakeşdə tikintisi barədə 6,4 milyard dollar məbləğində razılaşma imzalayıb. Sentyabr ayında Çinin akkumulyator üçün komponentlərin istehsalı ilə məşğul olan “CNGR Advanced Material Co.” şirkəti potensial olaraq ildə 1 milyon avtomobili təchiz etmək iqtidarında olacaq LFP batareyalarının kifayət miqdarda istehsalı üzrə 2 milyard dollar dəyərində layihəni elan edib.
“CNGR Europe” şirkətinin Baş direktoru Torsten Larsın sözlərinə görə, Mərakeş gələcəyin avtomobil akkumulyatorlarının tədarükü üçün ideal yerdə yerləşir.
Amerika sənaye siyasəti də buna əhəmiyyətli təsirini göstərir. Sentyabrda Cənubi Koreyanın “LM Chem” və “Youyshan” şirkətləri, Çinə məxsus “Huayou Group”un törəmə şirkəti Mərakeşi LFP bazarında qlobal bazaya çevirmək barədə planlarını elan ediblər. Kütləvi istehsal isə 2026-cı ilə planlaşdırılıb.