BMT BAŞ KATİBİNİN ÜMUMDÜNYA QİÇS-LƏ MÜBARİZƏ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏTİ YAYILMIŞDIR
Epidemiyanın qarşısını almaq üçün ayrı-ayrı hökumətlər və QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə yaradılmış Qlobal Fond tərəfindən böyük məbləğdə maliyyə vəsaiti ayrılmışdır. Ölkələrin böyük əksəriyyəti bu epidemiya ilə mübarizəyə dair geniş milli strategiyalar işləyib hazırlamışlar. Daha çox idarə və təşkilatlar iş yerlərində QİÇS-in yayılmasının qarşısının alınması üçün xüsusi qaydalar qəbul edirlər.
Bütün bunlara baxmayaraq, epidemiya ölüm yürüşünü davam etdirir. Ən acınacaqlısı odur ki, xəstəliyin yayılmasını zəiflətmək hələ də mümkün olmamışdır. Ötənilki hesablamalara görə, gün ərzində hər dəqiqə 10 nəfər bu xəstəliyə yoluxmuşdur. Xəstəliyin daha geniş yayıldığı regionlarda uzunömürlülük kəskin surətdə azalır. QİÇS qadınlar arasında daha sürətlə yayılır və onlar bütün dünyada xəstəliyə yoluxanların 50 faizini təşkil edir. Epidemiya əvvəllər bu xəstəliyin mövcud olmadığı regionlarda – xüsusilə də Şərqi Avropa və Asiya ölkələrində - Uraldan Sakit okeanadək bütün ərazidə daha böyük sürətlə yayılır.
Müraciətdə təəssüflə bildirilir ki, 2005-ci ilə qədər epidemiyanın miqyasını və təsirini azaltmaq istiqamətində irəliləyiş əldə olunmayıbdır. Əsas vəzifə körpələrin yoluxmasını yarıyadək azaltmaq və hər yerdə tibbi yardıma dair təlimatların yayılmasını təmin etməkdir. Əks halda, 2005-ci ilədək qarşıya qoyulan məqsədlərin heç birinə nail olmaq mümkün olmayacaqdır.
Sənəddə xüsusi olaraq vurğulanır ki, QİÇS haqqında daim açıq danışmaq olar. Əgər acı həqiqətlərə dik baxılmasa, yoluxmuş insanlar pislənsə, xüsusilə də onların ləyaqətinə toxunulsa, heç bir irəliləyişdən söhbət gedə bilməz. Elə fikirləşməyək ki, “bizimlə” “onlar” arasına sədd çəkməklə özümüzü qorumuş olarıq. Amansız QİÇS dünyasında “biz” və “onlar” məvhumu yoxdur. QİÇS aləmində susmaq ölüm deməkdir.