BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ KOOPERATİVLƏR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun 5 iyul - Beynəlxalq Kooperativlər günü münasibətilə müraciət etmişdir.
Müraciətdə deyilir ki, iqlim dəyişikliyi qlobal miqyasda əməkdaşlığın zəruriliyini göstərir. İqlim dəyişikliyinin baş verməsinin səbəbi başlıca olaraq insan fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantılardır. Mühüm bir məsələ ortaya çıxır: biz bununla bağlı nə etməyə hazırlaşırıq? Bütün əlaqələndirilmiş cəhdlər bu işdə yardımçı ola bilər.
Bildirilir ki, uzun müddət ərzində kooperativlər yerli səviyyədə sosial-iqtisadi inkişafa yönələn irimiqyaslı və davamlı yanaşmaları genişləndirirlər. Məhz bu məqsədlə kooperativlər yaradıcı şəkildə inkişaf məqsədilə öz fəaliyyətlərini genişləndirirlər. Bu fəaliyyətlər artıq ekoloji dözümlülük və karbon qazından istifadə etməyən texnologiyaların tətbiq olunduğu sektorları əhatə edir. Bu onunla əlaqəlidir ki, bütün dünyada insanlar iqlim dəyişikliyinə uyğunlaşmağa və öz fəaliyyətlərini onun təsirini zəiflətmək istiqamətində qurmağa çalışırlar.
Baş katib vurğulayır ki, kənd təsərrüfatında əsas məsələlərdən biri fermerlərə, xüsusilə kiçik sahibkarlara daha çox məhsul əldə etmək imkanının verilməsi və aqrar sektorda iqlim dəyişikliyinə səbəb olan problemlərin həlli üçün davamlı metodların tətbiq edilməsidir.
Bir müddət bundan əvvəl Beynəlxalq Kooperativ Alyansı tərəfindən iqlim dəyişikliyi ilə bağlı problemlərin həll edilməsi məqsədilə strateji planın qəbul edilməsi bu istiqamətdə atılan mühüm addım hesab olunur.
Müraciətin sonunda hökumətlər kooperativ müəssisələrlə tərəfdaş əlaqələri yaratmaq üçün müvafiq qərarları qəbul etməyə çağırılır.