BMT-NİN BAŞ KATİBİ OLİMPİYA BARIŞIĞINA ÇAĞIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun Pekin Olimpiadası dövründə bütün döyüş əməliyyatlarını dayandırmağa çağırmışdır.
Baş katibin müraciətində deyilir: “Bu cür barışıq qısa müddətli olsa da, müharibələrin ağır nəticələri barədə düşünməyə vadar edəcək, dialoqa başlamaq, əziyyət çəkən əhalinin nəfəs dərməsi üçün şərait yaradacaqdır. Barışıq bəşəriyyətə sübut edəcəkdir ki, sülhə əsl mənada can atmaqla, hətta ən ümidsiz vəziyyətlərdə də ona nail olmaq mümkündür”.
Yunanıstanda qədimdən mövcud olan “ekexeriya”, yəni barışıq adəti eramızdan əvvəl VIII əsrdə yaranmışdır. Bu adət idmançılara ehtiyat etmədən yarış yerinə gəlməyə və evə qayıtmağa imkan verirdi. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1992-ci ildə bərpa edilmiş bu adət sonradan BMT Baş Məclisi tərəfindən də dəstəklənmişdir.
BMT Baş Məclisi ötən il oktyabrın 31-də qəbul etdiyi qətnamədə dövlətləri BMT Nizamnaməsi çərçivəsində “Olimpiya barışığı”na qəti surətdə riayət etməyə çağırmışdır. Sənəddə avqustun 8-24-də keçiriləcək Olimpiya oyunları zamanı silahı yerə qoymaq çağırışı ifadə olunur.
BMT Baş Məclisinin 62-ci sessiyasının sədri Srcan Kərim (Makedoniya) demişdir ki, dünyanın hər yerindən idmançıları bir araya gətirən bu ən iri beynəlxalq idman yarışı millətlər və xalqlar arasında sülhün, qarşılıqlı anlaşmanın və xoş məramın möhkəmləndirilməsi vasitəsidir. BMT-nin də təməl prinsipləri bunlardır.