BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ İLƏ MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri akademik Qərib Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) torpaq və inkişaf məsələləri üzrə baş məsləhətçisi Riçard Eberlinq, Orta Asiya şöbəsinin su və torpaq ehtiyatları üzrə aparıcı mütəxəssisi Cavanni Muraz, Qafqaz üzrə mütəxəssis Devid Eqiaşvili ilə görüşmüşdür.
Qonaqlar BMT-nin dünyanın müxtəlif ölkələrində, o cümlədən keçmiş sovetlər məkanında həyata keçirilən layihələrindən və onların əhəmiyyətindən danışmışlar.
Komitənin sədri qonaqlara hazırda Azərbaycanda qaçqın və məcburi köçkünlərin torpaqla təmin edilməsi layihəsinin həyata keçirilməsi vəziyyəti barədə məlumat vermişdir.
Xarici mütəxəssislər gələcəkdə DTXK ilə mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırmışlar. Onlar hazırkı dövrdə torpaqdan istifadənin təmərküzləşməsi məsələlərinin təşkilatın əsas işi olduğunu, bu istiqamətdə müxtəlif ölkələrdə layihələr həyata keçirdiklərini bildirmiş, belə bir layihənin Azərbaycanda da həyata keçirilməsinin vacibliyindən söz açmışlar.
Qərib Məmmədov qonaqlara Azərbaycanda həyata keçirilmiş torpaq islahatları və komitənin gördüyü işlər barədə də geniş məlumat vermişdir. FAO ilə daha mühüm layihələrin birgə işlənməsində maraqlı olduqlarını bildirən komitə sədri, torpaqların təmərküzləşməsi istiqamətində Azərbaycanda görülmüş tədbirləri diqqətə çatdırmış, bu sahədə də müştərək layihənin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.