BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA KXDR BARƏDƏ RAZILIĞA GƏLƏ BİLMƏDİLƏR
Çinin BMT yanındakı nümayəndəliyinin başçısı Van Quanyya təklif olunan bəyanatın mətnini yaymışdır. Burada sınaqlar pislənilsə də, Yaponiyanın təkid etdiyi qadağalar barədə bir kəlmə də yoxdur. ABŞ, Fransa və Böyük Britaniya Çinin bu təklifi ilə razılaşmayaraq, qadağalarda təkid edən Yaponiyanın təklifini dəstəkləmişdir.
Təhlükəsizlik Şurasının üzvləri arasında fikir ayrılığı getdikcə kəskinləşir.
Ötən həftə Pxenyan, mütəxəssislərin sözlərinə görə, Alyaskayadək uça bilən yeddi raketi sınaqdan çıxardıqdan sonra Şimali Koreya ətrafında gərginlik kəskin şəkildə artmışdır.
Yaponiyanın təklif etdiyi qətnamədə Şimali Koreya “bütün dünyada sülhə və təhlükəsizliyə qorxu” adlandırılır. Mətndə BMT xartiyasının VII fəsli də xatırlanır. VII fəsil çərçivəsində qəbul olunmuş qətnamə icra üçün icbaridir və qadağalar, hətta hərbi xarakterli tədbirlər tətbiq edilməsini nəzərdə tuta bilər.
Lakin Təhlükəsizlik Şurasında veto hüququ olan Çin və Rusiyanın fikrincə, qətnamənin Şimali Koreyaya qarşı qadağalar qoyulması məqsədi ilə qəbul edilməsi indiki mərhələdə məsuliyyətsizlik və qeyri-konstruktiv olardı. Van Quanyya demişdir ki, bu cür addımlar vəziyyəti ancaq pisləşdirə bilər. Çin isə ehtiyatlanır ki, bu, nəticə etibarilə, Şimali Koreyaya qarşı hərbi əməliyyatlara gətirib çıxaracaqdır.
Pekin Şimali Koreyanı ballistik raketlər yaradılmasını və onların sınaqlarını dayandırmağa çağıran Təhlükəsizlik Şurasının bəyanatını daha düzgün münasibət sayır. Bəyanatın müəllifi BMT-nin bütün üzvlərini Şimali Koreyaya onun raket və nüvə silahı hazırlamaqda istifadə edə biləcəyi texnologiyalar və materiallar satmamağa da çağırır.