BOLQARISTAN AZƏRBAYCANIN NATO-YA VƏ AVROPA İTTİFAQINA İNTEQRASİYASINI DƏSTƏKLƏYİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov demişdir ki, Bolqarıstanda gedən proseslər Azərbaycanda maraqla izlənir. Bolqarıstan NATO-nun və Avropa İttifaqının üzvüdür. Azərbaycan da Avratlantik strukturlara inteqrasiya edir.
Komissiya sədri Azərbaycanın hər iki beynəlxalq təşkilatın proqram və layihələrində fəal iştirakını qeyd etmiş və bildirmişdir ki, daha çox nailiyyət qazanmaq üçün Bolqarıstanın təcrübəsinin öyrənilməsi Azərbaycana olduqca vacibdir.
Sonra S.Seyidov ölkələrimiz arasındakı dostluq əlaqələrindən, deputatlarımızın beynəlxalq təşkilatlarda bəzi məsələlərdə eyni mövqedən çıxış etmələrinin əhəmiyyətindən danışmış, bu cür səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını qeyd etmişdir.
Solomon Passi demişdir ki, Azərbaycanda müşahidə olunan dinamik inkişaf başçılıq etdiyi nümayəndə heyətində böyük maraq doğurmuşdur. Biz də Azərbaycanda gedən siyasi prosesləri maraqla izləyirik və ölkənizin Avropaya inteqrasiyasını dəstəkləyirik.
Qonaq NATO-ya və Avropa İttifaqına üzvlükdə Bolqarıstanın Azərbaycana hər cür kömək göstərməyə hazır olduğunu bildirmişdir.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi ilə başa çatmışdır.