BORÇALIDA ULU ÖNDƏRİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın əsasən azərbaycanlılar yaşayan Kvemo Kartli-Borçalı bölgəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Mayın 8-də Marneulidə azərbaycanlıların mədəniyyət mərkəzində bu əlamətdar yubileyə həsr olunmuş tədbiri mərkəzin rəhbəri Fazil Həsənov açmış, yığıncaq iştirakçılarına ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, Gürcüstan azərbaycanlılarına qayğı və diqqəti barədə ətraflı məlumat vermişdir.
Tədbirdə iştirak edən Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatları Qənirə Paşayeva və Həvva Məmmədova, Marneuli rayonundan Gürcüstan parlamentinə deputatlığa namizəd Azər Süleymanov və başqaları dünya şöhrətli siyasi xadimin ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, dünyada Azərbaycan Respublikasının şöhrətinin yüksəldilməsi sahəsində misilsiz xidmətlərindən, Gürcüstan azərbaycanlılarının doğma yurdlarında durumunun möhkəmləndirilməsi yönümündə yeritdiyi siyasətin uğurlarından söhbət açmışlar.
Həmin gün əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Qardabani rayon mərkəzində də xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.