Botanika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Botanika İnstitutunun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla anıblar, məzarları üzərinə çiçəklər düzüblər.
Tədbirdə institutun baş direktoru professor Səyyarə İbadullayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, möhkəm iradəsi, uzaqgörən strategiyası, uğurlu xarici və daxili siyasəti nəticəsində xalqımızın 44 gün ərzində qazandığı möhtəşəm Qələbədən söz açıb. O, Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, igidlərimizin şücaətindən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi Qələbənin qazanılmasında canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyib.
Digər çıxış edənlər II Qarabağ müharibəsində qazanılmış Zəfərin milli qürur və ləyaqətin bərpası olduğunu vurğulayıblar.