Böyük Britaniyalı ssenarist və kinorejissor Bakıda seminar keçirir
Bakı, 30 oktyabr (AZƏRTAC). Ssenarist və kinorejissor Con Pol Freyzer oktyabrın 30-dan noyabrın 2-dək “Nizami” Kino Mərkəzində azərbaycanlı kino ssenaristlər üçün seminar keçirir. Seminarı “British Council Azerbaijan” Böyük Britaniya səfirliyi və “Nərimanfilm” şirkəti ilə birlikdə təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi bacarıq və vərdişlərini beynəlxalq standartlar səviyyəsinə çatdırmaqda ssenaristlərə kömək etməkdir. “Britrish Council Azerbaijan” Bürosunun direktoru Elizabet Pol Feyzeri təqdim edərək bildirmişdir ki, 109 ölkədə fəaliyyət göstərən “British Council” mədəni əlaqələrin və təhsil imkanlarının yaradılması sahəsində Böyük Britaniyanın aparıcı beynəlxalq təşkilatıdır.
E.Vayt bildirmişdir ki, cəmi altı aydır ki, ölkəmizdədir və mədəniyyətimizi öyrənmək üçün əlindən gələni edir. Bunun üçün Azərbaycanın klassik filmlərindən başlamışdır.
Azərbaycandan 15-dən çox ssenarist bilik və təcrübə mübadiləsinə, habelə əməkdaşlığın yeni modellərinin nəzərdən keçirilməsinə dəvət olunmuşdur.
Ssenarist və kinorejissor Pol Freyzer yazıçılıq və rejissorluq fəaliyyətindən başqa dünyanın müxtəlif guşələrində həm fərdi qaydada, həm də seminarlarda məsləhətlər verir. O, Avstraliya, Cənubi Afrika, Polşa, Almaniya, İrlandiya, Böyük Britaniya, İsveç, Bolqarıstan, İtaliya, Sloveniya, Bosniya və Herseqovinada ssenarilərin yaradılması üzrə seminarlar və treninqlər keçirmiş, bir çox ölkələrdə sessiya və seminarlarda iştirak etmişdir.
P.Freyzer seminarı açaraq demişdir: “Heç bir xalqa göstəriş vermək istəmirəm. Sadəcə, öz təcrübəmdən nümunələr gətirəcəyəm”
Layihə çərçivəsində “Bir, iki, üç, öl” filminin nümayişi təşkil ediləcəkdir. Böyük Britaniya bu filmi Avropa İttifaqının Bakıda ənənəvi kinofestivalında təqdim edəcəkdir. Komediya janrında çəkilən “Bir, iki, üç öl” filmi noyabrın 3-də “Park Cinema”, noyabrın 4-də “Metro park” kinoteatrlarında nümayiş etdiriləcəkdir.