Böyük Britaniyanın Qlazqo Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində olmuşlar
Bakı, 30 oktyabr (AZƏRTAC). III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Qlazqo Universitetinin beynəlxalq əlaqələr bölməsinin müdiri Klare Mkmanus və mütəxəssisi Karolayn Boddi oktyabrın 30-da Azərbaycan Dillər Universitetində (ADU) olmuşlar.
ADU-dan AZƏRTAC-a bildirilmişdir ki, universitetin prorektoru, professor Natiq Yusifov ali təhsil ocağının beynəlxalq əlaqələrindən, xüsusilə də Böyük Britaniya universitetləri ilə əməkdaşlığından danışmışdır.
Qonaqlar Bakı şəhərinin gözəlliyinin və Azərbaycan xalqının qonaqpərvərliyinin onlarda dərin təəssürat yaratdığını bildirmişlər.
Görüşdə ADU ilə Qlazqo Universiteti arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin təşkili məsələləri müzakirə olunmuşdur.
Xatırladaq ki, bu il mayın 6-da ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olmuşdur. Səfər zamanı ADU ilə Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsinə dair müqavilə imzalanmışdır. Müqavilənin imzalanması ADU-nun tələbələrinə təhsillərini Qlazqo Universitetində davam etdirmək imkanı yaratmışdır. Bundan başqa, ikitərəfli əməkdaşlıq çərçivəsində hər iki universitetin əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnalların nəşri nəzərdə tutulur.