BÖYÜK PROBLEMLƏRİ HƏLL ETMƏLİ OLAN ERMƏNİSTAN PREZİDENTİNİN FUTBOL XÜLYASI
Sentyabrın 6-da keçiriləcək Ermənistan-Türkiyə futbol oyununa Türkiyə Prezidentinin dəvətindən başqa heç bir ciddi təklif ehtiva etməyən məqalədə Serj Sarkisyan yenə də erməniyə xas olan şakərindən əl çəkmir. Şikayətlənir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Türkiyə Azərbaycanla etnik həmrəylik nümayiş etdirərək Ermənistan ilə sərhəddini bağlamışdır. Ermənistanın dövlət başçısı iddia edir ki, bu sərhəd təkcə ermənilər və türklər deyil, habelə Qərblə Şərq arasında ticarət, nəqliyyat və enerji dəhlizləri üçün də bağlı qalmaqdadır. Sonra, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars strateji layihələrindən həsrətlə bəhs edən müəllif dolayısı ilə etiraf edir ki, Azərbaycan və Türkiyə Qərb-Şərq dəhlizini uğurla həyata keçirirlər. Serj Sarkisyanın ermənilərin dünya miqyaslı layihələrdən kənarda qalmasının Avropa ölkələrinə də baha başa gələcəyi barədə gülünc iddiası isə cəfəngiyyatdan başqa bir şey deyildir.
Ən başlıcası, “Ermənistanın Türkiyə ilə münasibətlərinin dondurulmasına son qoymaq vaxtı gəlmişdir”, - deyə iddia edən Serj Sarkisyanın məqaləsində heç bir konstruktiv təklif yoxdur. Rəsmi Ankara ilə sərhədləri açmaq və münasibətləri normallaşdırmaq istədiyini qeyd edən ermənilərin lideri, Türkiyəyə qarşı ərazi iddialarını konstitusiyadan çıxarmaq, bütün dünyada qondarma “erməni soyqırımı” təbliğatına son qoymaq, Azərbaycanla münaqişəni nizama salmaq üçün işğalçı siyasətdən əl çəkmək istiqamətində heç bir addım atmayaraq, bu qədər böyük problemlərin həllini Türkiyə Prezidenti Abdullah Güllə birlikdə futbol matçını izləməkdə görür. Serj Sarkisyan yazır: “Çin və ABŞ xalqları dövlətlərarası əlaqələrin normallaşmasına qədər stolüstü tennis oynayaraq yaxınlaşdıqları kimi, Türkiyə və Ermənistan xalqları da futbola olan sevgiləri ilə bunu edə bilərlər”.
Torpaq iddiaları, işğalçılıq və böhtan kampaniyası ilə məşğul olan dövlətin başçısının məqalə boyu bütün konstruktiv təklifi yalnız bundan ibarətdir.