Bratislavada “Şərq tərəfdaşlığı” ölkələrində penitensiar sistemdə islahatlarla bağlı tədbir keçirilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa İttifaqının təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı”na üzv dövlətlər üçün “Penitensiar sahədə islahatlar” çoxtərəfli layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirin məqsədi “Şərq tərəfdaşlığı” ölkələrində penitensiar sistemin hazırkı vəziyyəti ilə tanışlıqdan ibarət olmuşdur.
Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Baş Prokurorluğun, qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil etmişlər.
Tədbir çərçivəsində keçirilən görüşdə Azərbaycan, Moldova, Gürcüstanın nümayəndə heyətlərinin Penitensiar Xidmətlə bağlı təqdimatları olmuşdur. Eyni zamanda, tərəfdaş ölkələrin təmsilçiləri Slovakiyanın penitensiar sistemi və son illər ərzində əldə olunmuş nailiyyətlərlə tanış olmuş, həbs yerlərinə baş çəkmişlər.
Avropa Şurası, eləcə də Slovakiya Respublikasının Ədliyyə Nazirliyi və Penitensiar Xidmət rəhbərlərinin sədrliyi ilə keçirilən görüşdə Azərbaycan, Moldova, Gürcüstanın penitensiar sistemlərində həyata keçirilən islahatlara dair məlumatlar dinlənilmiş, mövcud oxşar və fərqli cəhətlər geniş müzakirə olunmuşdur. Penitensiar sistemlər qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üçün təqdim olunan üsul və metodların səmərəli olanının seçilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə ölkəmizin penitensiar sisteminə dair təqdimatla çıxış edən Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də inkişafa nail olunduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, həmin dövrdən başlayaraq Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməyə başlamış, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilən məhkəmə-hüquq islahatı çərçivəsində penitensiar sistemin də işinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində bu xidmətin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər normativ-hüquqi aktlar qəbul olunmuşdur.
Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və ona edilmiş əlavə və dəyişikliklərdə məhkumlarla rəftara dair beynəlxalq sənədlər nəzərə alınmış, cəza çəkən şəxslərin hüquq və azadlıqlarının dairəsi xeyli genişləndirilmişdir. H.Əlixanov müstəqillik illərində Azərbaycanın penitensiar sistemində aparılmış islahatlar, Penitensiar Xidmətin hazırkı fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barədə tərəfdaş ölkələrin nümayəndələrinə geniş məlumat vermişdir.
Görüşdə tərəfdaş ölkələrin nümayəndə heyətlərinin tərkibinə daxil olan qeyri-hökumət təşkilatlarının nümayəndələri də öz ölkələrində penitensiar sahədə mövcud vəziyyətlə bağlı məruzələrlə çıxış etmişlər. Tədbir iştirakçılarına son illərdə ölkəmizdə həyata keçirilmiş islahatlar və cəza-icra siyasətini həyata keçirən dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasındakı səmərəli əməkdaşlıq barədə məlumat verilmiş, bu əməkdaşlığı əlaqələndirən ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin xüsusi rolu qeyd edilmişdir.
Slovakiya Penitensiar Xidmətinin rəisi rəhbərlik etdiyi xidmət üzrə son illərdə həyata keçirilmiş islahatlar və əldə olunmuş nailiyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Görüşdə probasiya xidməti barəsində ölkələrin nümayəndələrinə ətraflı məlumat verilmiş, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası sahəsində əldə edilmiş təcrübənin təqdimatı olmuşdur.
Tədbir çərçivəsində Bratislava şəhərində yerləşən Leopoldov həbsxanası, istintaq təcridxanası və digər cəzaçəkmə müəssisələrinin təqdimatları keçirilmiş, görüş iştirakçıları müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar.