BRAZİLİYADA YENİ PREZİDENT SEÇİLMİŞDİR
İTAR-TASS-ın verdiyi xəbərə görə, müxalifətdə olan Zəhmətkeşlər Partiyasının namizədi Luis İnasiu Lula da Silva Braziliyanın yeni prezidenti seçilmişdir. Seçicilərin 61,3 faizi Luluya səs vermişdir. Onun rəqibi - iqtidarda olan Braziliya Sosial-Demokrat Partiyasının namizədi Joze Serra səslərin 38,7 faizini toplamışdır.
Ölkənin ali seçki məhkəməsi xəbər vermişdir ki, səsvermə sakit şəraitdə keçmiş, heç bir ciddi pozuntu baş verməmişdir.
Lula da Silva seçkilərin nəticələrini qiymətləndirərək bildirmişdir ki, o, 2003-cü il yanvarın 1-dən etibarən 170 milyon əhalisi olan ölkənin prezidenti, hökumət isə bütün braziliyalıların hökuməti olacaqdır. O demişdir: “Mənim qələbəm Zəhmətkeşlər Partiyasının qələbəsidir”.
Lula da Silva bildirmişdir ki, “Braziliya dinc yolla dəyişir. Ən mühümü isə budur ki, ümid qorxuya qalib gəlmişdir. Bu gün deyə bilərəm ki, Braziliya xoşbəxt olmaq üçün qorxusuz səs vermişdir”.
Keçmiş fəhlə və həmkarlar ittifaqı lideri Lula da Silva prezident seçkiləri tarixində rekord sayda səs toplamışdır. Səsvermədə iştirak edən 85,6 milyon braziliyalının 52 milyondan çoxu ona səs vermişdir.
Lula bütün beynəlxalq öhdəlikləri yerinə yetirmək və bütün siyasi partiyaların iştirakı ilə hökumət yaratmaq niyyətində olduğunu təsdiq etsə də, analitiklərin fikrincə, Braziliyada seçkilər ölkənin siyasətində yeni dövr açır. Braziliya tarixində ilk dəfə olaraq, prezident vəzifəsinə sol təmayüllü partiyalar blokunun nümayəndəsi seçilmişdir.